loading
Khazar Islands

Khazar Islands

  Süni arxipelaqda inşa olunacaq "Khazar Islands", 3 min hektar sahədən ibarət olan 50 müxtəlif ölçülü adadan və 19 mikrorayondan ibarət olacaq. 8 km uzunluğu, 3 km eni olacaq arxipelaqın ümumi sahəsi 24 km2 təşkil edəcək. Bu miqyası təsvir etmək üçün paytaxtın Babək prospektinin uzunluğunun cəmi 4 km olduğunu vurğulamaq kifayətdir. Burada hər bir adaya özünəməxsus bir ad veriləcək. Məsələn, "Naxçıvan", "Yeni Nehrəm" və s. Digər adalara isə Azərbaycanın məşhur şəxslərinin adları veriləcək.

  Layihənin müəllifi - "Avesta Concern" tikinti işlərini 1 il əvvəl başlayıb. Hal-hazırda kompleksə daxil olmaq üçün istifadə olunacaq körpü və adalardan biri artıq salınıb. İyun ayında böyük restoranın açılışı nəzərdə tutulub.

Hal-hazırda özündə 40-50 iri yaşayış binasını birləşdirən 4 böyük adadan birinin inşası davam edir. Bu adada 100 000 sakin yaşaya biləcək. Ümumilikdə isə, şəhər 800 000 daimi sakin və 200 000 turist qəbul etmək iqtidarında olacaq. Layihə 2022-2023 illərə kimi 3 mərhələdə inşa ediləcək, 2013-2014-cü illərdə isə buraya ilkin sakinlər yerləşdiriləcək.

Layihənin ideyasını onun rəhbəri, məşhur azərbaycanlı iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) 2010-cu ilin mart ayında Dubaydan Bakıya qayıdarkən elə təyyarədəcə fikirləşib: "Bir dəfə, Dubaydan qayıdarkən, şəhərin bütün strukturunu təsəvvür etdim. Mən tez bir zaman ərzində kağız üzərində ilk cizgiləri çəkdim - 20 dəqiqədən sonra layihə hazır idi. Həmin kağız parçasını indiyə kimi saxlayıram."

  Miqyasına görə "Khazar İslands" 345 km-lik Misirin "Toşka" layihəsini belə geridə qoymağı bacarıb. Misirin bu layihəsinə 90 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulubsa, "Khazar İslands"a yatırılacaq investisiyanın ilkin hesablamalara görə dəyəri 100 milyard dollar olacaq.

Tikintinin ümumi sahəsi 30 mln m2 -dir. Bunun 22 mln m2-i yaşayış sahələri, 4 mln m2-i ticarət və biznes mərkəzləri, daha 4 mln m2-i isə otel və apartamentlər olacaq.

  Digər layihələrdən fərqli olaraq, "Khazar İslands"ı 3D şəhər adlandırmaq olar. Kompleksin ən əsas elementinin hündürlüyü - "Azərbaycan Qülləsi" ("Azerbaijan Tower") 1 km-dən artıq, daha dəqiq desək 1050 m olacaq. Qeyd edək ki, ilk öncə binanın hündürlüyü 560 m nəzərdə tutulurdu, lakin sonradan planları dəyişən "Avesta Concern" dünyanın ən hündür binasını ucaltmaq qərarını verdi.

  Hündürlüyü 1050 m olan qüllə bu göstəriciyə görə dünyanın ən hündür binası olan Dubayın "Burj Khalifa" binasını 200 m - Səudiyyə Ərəbistanın "Kingdom Tower" qülləsini isə 50 m geridə qoyacaq.

"Azerbaijan Tower "in 2018-2019-cu illərdə tam istifadəyə verilməsi nəzərdə tutulur.

  Hələ ki, "Khazar İslands" "Avesta Concern"in şəxsi hesabına tikilir, lakin bir müddət sonra xarici investorların bu işə cəlb olunması nəzərdə tutulur. Artıq xeyli maraqlanan da var. Bununla bağlı olaraq, yaxın müddətdə potensial investorlarla görüşlər nəzərdə tutulub. Danışıqlar Səudiyyə Ərəbistanda, Dubayda və Pekində aparılır.

  Layihənin əsas hissəsinin inşasına 60 milyard dollar vəsait tələb olunur. Bütün bu məbləğ xarici investorların hesabına - 30 milyard dollar xarici investisiya, digər 30 milyard dollar isə mənzillərin satışından əldə olunacaq. Kompaniya rəhbərliyi tikintinin 1-ci mərhələsi üçün lazım olan 12 milyard dolların 6 milyardını xarici investorlar hesabına, digər 6 milyard dollar isə mənzil satışından əldə olunacaq.

  Xarici investorların cəlb etmə prosesi xüsusi sxem vasitəsilə həyata keçiriləcək ki, bu sxemə uyğun olaraq investorlar burada əmlak satışı ilə məşğul ola bilməyəcəklər. Bütün obyektlər,yaşayış və qeyri-yaşayış sahələri layihə rəhbərliyinin şəxsi əmlakı sayılır və yalnız onlara satıla bilər. Mənzillərin satışı dövründə əldə olunan gəlirdən ilk öncə investorların yatırdıqları pul və qazancları ödəniləcək, qalan hissə isə layihənin rəhbərliyinin hesabına köçürüləcək.

  Mənzillərin satışı artıq başlayıb. Burada tikiləcək 250 000 mənzildən hər hansınısa almaq istəyən alıcı Bakı şəhəri Teymur Əliyev küçəsində yerləşən "Avesta Concern"in baş ofisinə müraciət etməkləri yetərlidir. Mənzillərin ümumi sahəsi 50-500 m2 , qiymətlər isə 3000-5000 manat arasında dəyişir. Mənzillər tam təmirli, mətbəx mebeli ilə birlikdə alıcıya təhvil verilir. Alıcılar mənzilləri 5 illik faizsiz kreditlə əldə edə biləcəklər. Həmçinin 15 illik güzəştli ipoteka təklif olunur (6% illik). Əgər alıcı mənzilin ipoteka kreditini ödəyə bilməyəcəyi təqdirdə ödədiyi məbləğin 80%-i geri qaytarılır.

Şəhərə bütün nəqliyyat vasitələri ilə - təyyarə, helikopter, kater və avtomobil ilə gəlmək mümkün olacaq. Adalar arasında gediş gəlişi təmin etmək məqsədilə avtomobillərdən, kater və tramvaylardan istifadə olunacaq. Burada 3 tramvay marşrutu fəaliyyət göstərəcək ki, bunların da hər biri 8 vaqondan ibarət olacaq. Avtomobil yolları elə nəzərdə tutulub ki, işıqforlara ehtiyac olmayacaq, avto və piyada yolları kəsişməyəcək. Hər 250 metrdən bir nəzərdə tutulmuş yeraltı keçidlər isə piyadaların hərəkətini daha da rahatlaşdırmalıdır.

  Şəhərə giriş-çıxış xüsusi xəritə ilə həyata keçiriləcək. Havanın təmiz saxlanması üçün kompleksdə avtomobillər maksimal səviyyədə məhdudlaşdırılacaq. Buna görə də hər binanın altında və şəhərə giriş zonasında böyük avtomobil dayanacağı nəzərdə tutulub ki, şəhərə gələnlər maşınlarını burada qoyub şəhərdə kater və tramvaylarla hərəkət etsinlər.

  Şəhərə daxil olarkən avtomobillər mütləq təmiz olmalıdır. Kənar maşınların kompleksə girişi pullu olacaq (1 saat - 10 manat). Məqsəd - burada avtomobillərin sayını məhdudlaşdırmaq və tramvay, velosiped kimi nəqliyyatı stimullaşdırmaqdı.

  "Khazar İslands"da sosial və əyləncə obyektlərinin sayı baxımından çox zəngin olacaq. Burada bir neçə hektar sahəsi olacaq parklar, 150 km uzunluğu olacaq bulvar kompleksə xüsusi gözəllik verəcək. Demək olar ki, bütün adalarda sosial obyektlər - 150 məktəb, 50 uşaq bağçası, xəstəxanalar, çoxsaylı kinoteatrlar, teatrlar, restoranlar,ticarət mərkəzləri (Mall) fəaliyyət göstərəcək. Binaların ilk 3 mərtəbəsi yaşayış üçün nəzərdə tutulmayıb - müxtəlif ofislər, mağazalar və məişət obyektləri yerləşəcək. 4-cü mərtəbədən başlayaraq artıq mənzillər nəzərdə tutulub.

"Khazar İslands"da yeraltı kollektor sistemi nəzərdə tutulub ki, şəhərin bütün kanalizasiya xətləri burada yerləşəcək. Nəticədə hər hansı bir nasazlıq zamanı hansısa bir yeri qazmağa ehtiyac olmayacaq.

  Kompleksdə yerli sakinlərlə yanaşı 200 min turist yaşaya biləcək. Turistlərin cəlb olunması üçün burada hər bir şərait mövcud olacaq - Disney Land, atçılıq üçün cıdır, həmçinin kompleksin bəzəyi olan "Formula - 1" trassı. Bundan başqa 10 brend otelin də inşası nəzərdə tutulub.

  Yaşayış binalarının əksəriyyəti 25 mərtəbəli olacaq, bəzi adalarda isə 40-60 mərtəbəli binalar da ucaldılacaq. Otellər isə 70-85 mərtəbəlik nəzərdə tutulub. Şəhərin yerləşdiyi yerdə dənizin dərinliyi 9-10 m olacaq. Binalar dəmir - beton konstruksiyali inşa edilir ki, bu da 9 ballıq zəlzələyə dözmək iqtidarındadır.

  Əhalisinin sayına görə "Khazar İslands" ölkənin ən böyük şəhərləri ilə rəqabətə girə biləcək - 800 000 daimi və 200 000 mövsümi yaşayan. Layihənin rəhbərliyi artıq indidən şəhərin idarə olunması üçün icra hakimiyyətinin olmasını da nəzərdən keçirir, həmçinin kompleksə şəhər statusunun verilməsi üçün ölkə rəhbərliyinə də müraciət olunması nəzərdə tutulur. İcra Hakimiyyətinin təsdiqlənməsinə qədər isə şəhəri "Avesta Concern" idarə edəcək.